Layihənin İcrasına Lerik Rayonundan Start Verilib
18 okt, 20:35

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin ilkin mərhələsinə Lerik rayonunda start verilib.

“Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihə çərçivəsində ilk gün Lerik rayonundakı orta məktəblərin yuxarı sinif şagirdi olan qızlar üçün peşə təhsilinə dair seminar keçirilib. Ekspert, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri İradə Əlili peşə təhsili, onun növləri, düzgün peşə seçimi və bu təhsil pilləsinin əhəmiyyəti barədə çıxış edib. Daha sonra müxtəlif peşələrə yiyələnməklə uğur qazanan insanların həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirin ardınca layihə heyəti Lerik rayonundakı Peşə Məktəbində olub, burada tədris prosesi ilə yaxından tanış olub və tələbələrlə geniş müzakirələr aparıb.