“Qərbi Azərbaycanın Tarixi Abidələri və Mədəni İrsi” Mövzusunda Sərginin Açılışı və Fotoalbomun Təqdimatı Keçirilib
28 okt, 21:30

27 oktyabr tarixində Muzey Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılış mərasimi və “İrəvan — tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomun təqdimatı keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, tarixçilər, İrəvanı idarə etmiş xanların nəsil davamçıları və Qərbi Azərbaycandan olan ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə təşkilatın bu istiqamətdəki fəaliyyəti və icra olunan layihənin hədəfləri haqqında ətraflı məlumat verib.

Layihənin məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı və Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa sərginin və təqdim olunan fotoalbomun tarixi həqiqətlərin üzə çıxarılması baxımından ictimaiyyət üçün zəruriliyini və elmi əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, bu cür nəşrlər Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin gələcək nəsillərə və beynəlxalq aləmə tanıdılmasında mühüm rol oynayır.