“Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihə çərçivəsində növbəti tədbir Astara rayonunda keçirilib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iki ay ərzində həyata keçirdiyi layihənin əsas istiqaməti məktəbli qızların peşə təhsili və onun əhəmiyyəti barədə məlumatlandırılmasıdır. Layihənin digər mühüm hədəfi isə qadın və qızların iqtisadi müstəqilliyinin təmin edilməsi, onların özünüməşğulluğa cəlb olunması və şəxsi bizneslərini qura bilmələri üçün maarifləndirmə addımlarının atılmasıdır.
Bu məqsədlə Astara rayonunda “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri, ekspert İradə Əlili tərəfindən seminar, iqtisadçı-ekspert Rəşad Həsənov tərəfindən isə xüsusi təlim keçirilib.

