Ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının üzvü, Əlilliyi olan Şəxslər üzrə Komitənin sədri Asia Abdel Mutaleb Yaghi və Cibuti Respublikasının Əlilliyi Olan Şəxslər üzrə Milli Agentliyinin Baş direktoru Doualeh Said Mahamoudun rəhbərlik etdikləri nümayəndə heyətləri DOST Agentliyində olublar.
Səfər çərçivəsində qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə yaxından tanış olub, DOST mərkəzlərinin fəaliyyəti, iş prinsipləri və xidmət mexanizmləri barədə ətraflı məlumat alıblar.
DOST Agentliyində keçirilən görüşlər zamanı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST xidmətləri və konsepsiyası haqqında geniş təqdimatla çıxış edib. Bildirilib ki, ötən dövr ərzində DOST mərkəzlərində 3,4 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaş məmnunluğu səviyyəsi 98,5 faiz təşkil edib. Görüşlərdə, həmçinin, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Azərbaycan Milli QHT Forumu ilə birgə təşəbbüsü əsasında keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində milli sənətkarlıq nümunələrindən ibarət sərgi də təşkil olunub.
Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırlanmış əl işlərindən ibarət xüsusi guşə yer alıb. 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı forum iştirakçıları Mərkəzin təlim studiyalarında təlimçilər və benefisiarlar tərəfindən ərsəyə gətirilən əl işləri ilə tanış olublar.
Ekspozisiyada bədii tikmə və oymaçılıq, təsviri incəsənət, dulusçuluq, floristika və xalçaçılıq nümunələri nümayiş etdirilib.



