Azərbaycan QHT Nümayəndələri Moldovada Təcrübə Mübadiləsində İştirak Ediblər
31 dek, 22:21

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin (VSNİB) nümayəndə heyəti bir sıra yerli QHT rəhbərləri ilə birlikdə Moldovada işgüzar səfərdə və təcrübə mübadiləsində iştirak edib.

Səfərin əsas məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində fəaliyyət göstərən Moldova QHT-lərinin iş metodlarını öyrənmək və bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Təcrübə mübadiləsi proqramı çərçivəsində aşağıdakı görüşlər keçirilmişdir:

  • Bels (Bălți) Meriyası: Şəhər rəhbərliyi ilə sosial xidmətlərin təşkili və bələdiyyə-QHT əməkdaşlığı mövzusunda müzakirələr aparılıb.

  • Sosial Müəssisələr: Moldova QHT-lərinin tabeliyində fəaliyyət göstərən sosial müəssisələrin iş şəraiti və xidmət mexanizmləri ilə yaxından tanışlıq baş tutub.

  • Qarşılıqlı Məlumatlandırma: Azərbaycan nümayəndə heyəti ölkəmizdə əlilliyi olan şəxslər üçün yaradılan şərait, dövlət dəstəyi və vətəndaş cəmiyyətinin bu sahədəki rolu barədə moldovalı həmkarlarına ətraflı təqdimat ediblər.

Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının üzvü kimi bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.