Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Almaniyanın Bonn şəhərində yerləşən Ümumdünya Konfrans Mərkəzində keçirilən UNFCCC Yardımçı Qurumlarının (SB62) 62-ci sessiyasında iştirak edirlər.
Sessiyada “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini ilə yanaşı, Qadın, İnkişaf və Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova və “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova da Azərbaycan vətəndaş cəmiyyətini təmsil edirlər.
16–26 iyun tarixlərini əhatə edən iqlim konfransı çərçivəsində uyğunlaşma, iqlim dəyişikliyinin təsirinin azaldılması, iqlim maliyyələşdirilməsi və şəffaflıq kimi əsas istiqamətlər üzrə danışıqlar aparılır. Bu məqsədlə Elmi və Texnoloji Məsləhətlər üzrə Yardımçı Orqan (SBSTA) və İcra üzrə Yardımçı Orqan (SBI) bir araya gətirilir.
Qeyd edək ki, SB62 sessiyasının nəticələri COP30-un gündəliyinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Konfrans, eyni zamanda, qlobal iqlimlə bağlı qərarların qəbulu prosesinə daxil olan danışıqların, hazırlıq müzakirələrinin və qeyri-rəsmi məsləhətləşmələrin aparılması üçün mühüm platforma rolunu oynayır.

