


Bu gün “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin tərəfdaşlığı ilə “İrəvan – Şah Damarımız” adlı tədbir keçirilib. Tədbirdə dövlət nümayəndələri, ictimai birliklərin rəhbərləri, fəal gənclər və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri, beynəlxalq hüquq müdafiəçisi Şahin Əliyev İrəvanın tariximizdəki yeri və Azərbaycanın milli yaddaşında oynadığı mühüm roldan bəhs edib. Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə və Qərbi Azərbaycan İcmasının üzvü, Qafan rayon Gənclər Şurasının departament sədri Ayşə Abbaslı çıxış edərək, Qərbi Azərbaycana qayıdışın milli hədəf olduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsində qiraətçilər Zəhra Nəcəfzadə və Mələk Şairova İrəvan mövzusunda təsirli şeirlər səsləndiriblər. Yekunda gənclərin hazırladığı videoçarx nümayiş olunub və İrəvanın zəngin mədəni irsinin qorunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.