Niderlandda “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasına Həsr Olunmuş Beynəlxalq Tədbir Keçirilib
28 okt, 22:02

Niderland Krallığında Prezident İlham Əliyevin irəli sürdüyü “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində mühüm tədbir baş tutub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərəfdaşlığı ilə keçirilən tədbir “Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın sülh və təhlükəsizlik şəraitində öz yurdlarına qayıtmaq hüququnun, eləcə də Zəngəzur dəhlizinin açılmasının regiona sosial-iqtisadi təsirlərinin beynəlxalq arenada təbliği” mövzusuna həsr edilib.

İki hissədən ibarət olan tədbirin ilk bölümündə konfrans keçirilib. İştirakçılar əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnləri səsləndirilib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov konfransı giriş sözü ilə açaraq, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin vacibliyindən danışıb. O, Zəngəzur dəhlizinin açılmasının nəinki Azərbaycan, bütün region ölkələri üçün iqtisadi dividend gətirəcəyini və Avrasiya nəqliyyat xəritəsində mühüm qovşaq olacağını vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər və beynəlxalq ekspertlər Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin qorunması və soydaşlarımızın fundamental hüquqlarının bərpası istiqamətində Avropa ictimaiyyətinin məlumatlandırılmasının zəruriliyini qeyd ediblər.