Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən “Nieuwspoort” media mərkəzində mühüm beynəlxalq konfrans keçirilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutan tədbir “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusuna həsr olunub.
QHT.az xəbər verir ki, konfransda iştirak edən, 1988-ci ildə İrəvandan zorla qovulmuş “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə didərgin salınmış soydaşlarımız adından çıxış edib. O, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi, dini və mədəniyyət abidələrinin sistemli şəkildə dağıdılmasından, eləcə də qədim toponimlərimizin erməniləşdirilməsindən bəhs edib.
Çıxışda xüsusi olaraq vurğulanıb ki, erməni tərəfi onilliklər ərzində İrəvanda azərbaycanlıların tarixi izini tamamilə silməyə çalışmış, lakin tarixi faktlar və sənədlər bu ərazilərin əzəli sahiblərinin kim olduğunu təkzibedilməz şəkildə sübut edir.