F. Köçərli Adına Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının 140 İlliyi Qeyd Olunub
30 dek, 20:56

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İrəvan şəhərində fəaliyyət göstərmiş, pedaqoji fikir tariximizdə mühüm yer tutan bu seminariyanın rolu və ana dilli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində böyük fədakarlıq göstərmiş ziyalılarımızın fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbirdə “İrəvan Müəllimlər Seminariyası” kitabının müəllifi, tarixçi-araşdırmaçı Cəlal Allahverdiyev və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə seminariyanın tarixi və bütövlükdə İrəvan təhsil mühiti haqqında çıxış ediblər. Xüsusi olaraq qeyd edilib ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət qazanmışdır.

Tədbirin keçirilməsində əsas məqsəd İrəvanın ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin ədəbiyyatımızda və mədəniyyətimizdə oynadığı mühüm rolu işıqlandırmaq və onların irsini gənc nəslə tanıtmaqdan ibarətdir.