“İrəvan Azərbaycanın Tarixi Torpaqlarıdır” Mövzusunda Elmi-Praktik Konfrans Keçirildi
01 iyn, 00:00

İrəvanın ermənilərə verilməsinin 104-cü ildönümü ilə əlaqədar İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı elmi-praktik konfrans keçirilib.

Tədbir İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda baş tutub. Konfransın məqsədi dünya ictimaiyyətinə tarixən azərbaycanlıların yaşadıqları İrəvan şəhərinin və ətraf bölgələrin 1918-ci ildə ermənilərə verilməsi faktını, ermənilərin bu ərazilərdə törətdikləri vəhşilikləri, eləcə də azərbaycanlıların öz ata-baba yurdlarında soyqırıma məruz qalaraq deportasiya olunmalarını çatdırmaq olub.

Konfransda İrəvan Türk Cümhuriyyətinin nümayəndələri, ağsaqqallar, alimlər, tarixçilər, ziyalılar, elm adamları, müxtəlif təşkilatların təmsilçiləri və gənclər iştirak ediblər. Tədbir çərçivəsində “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı foto və kitab sərgisi də nümayiş etdirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi isə 1 dəqiqəlik sükutla yad edilib.